Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Malayziya İslam Məşvərət Şurasının sədri Əzmi Əbdülhəmid bazar ertəsi günü Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının təşəbbüsü ilə keçirilən “vəhdətin rəhbəri, Qüdsün carçısı və mübarək Ramazan ayının şəhidi Ayətullah Seyid Əli Hüseyni Xamenei” adlı beynəlxalq vebinarda çıxışı zamanı bəyan edib:
Bu gün biz öz həyat və düşüncəsi ilə İslam dünyasına dərin təsir göstərmiş bir dahi şəxsiyyətin irsi ilə üz‑üzəyik. Ayətullah Seyid Əli Xamenei sadəcə siyasi lider deyildi, o, həm də möhkəm iradənin, mənəvi mətanətin və ümmətin ləyaqətinə sarsılmaz sədaqətin simvolu idi.
Əzmi Əbdülhəmid əlavə edib ki, Ayətullah Xamenei uzun illər boyunca müsəlmanların ən uca və təsirli səsi kimi çıxış etmiş, qorxmadan onların hüquqlarını müdafiə etmiş və ədalət prinsipinə xüsusi önəm vermişdir. O, İslam tarixinin böyük şəxsiyyətləri kimi İslam elmlərinə dərindən bağlı idi. O dahi şəxsiyyət elə ilk fəaliyyətinə elm ocaqlarında başlamışdı. Onun baxışına görə, elm məsuliyyət yaradır və İslamın əxlaq təlimləri ədalətsizlik qarşısında susmamağı tələb edir. Ayətullah Xamenei bütün həyatı boyu bu inamı qorumuş, İslamı azadlıq və ədalət gətirən ilahi qüvvə kimi təqdim etmişdir.
Malayziya İslam Məşvərət Şurasının sədri vurğulayıb ki, Ayətullah Xamenei daim müsəlman cəmiyyətlərini siyasi məqsədlər naminə öz müstəqilliklərini qurban verməməyə çağırırdı. Bu prinsip onun rəhbərlik fəlsəfəsinin əsas dayaqlarından birini təşkil edirdi. Onun ən mühüm irslərindən biri isə İslam ümməti ilə sarsılmaz və davamlı əlaqə idi. Ayətullah Seyid Əli Xamenei üçün vəhdət sadəcə şüar deyil, həm də strateji zərurət və mənəvi öhdəlik idi. O inanırdı ki, İslam dünyasında olan fərqli baxış qarşıdurma yox, güc və qüdrət mənbəyidir.
Əzmi Əbdülhəmid qeyd edib ki, Ayətullah Xamenei sünni və şiə icmalarının tək Qurana, eyni Peyğəmbərə (s)və ortaq əxlaq dəyərlərinə malik olduqlarını xüsusilə vurğulayır, müsəlmanları və məzhəb alimlərini bu ortaq məqamları qoruyub möhkəmləndirməyə səsləyirdi.
O, həmçinin bildirib ki, Ayətullah Xameneinin ən mühüm irslərindən biri Fələstin mövqeyinə və Qüdsün müdafiəsinə verdiyi əhəmiyyət idi. O, illər boyunca ədalət və haqq məsələsində israrlı olmuş, Fələstin məsələsini yalnız siyasi münaqişə deyil, həm də bütün İslam aləmini əhatə edən mənəvi və insani məsuliyyət kimi qiymətləndirmişdir.
Əzmi Əbdülhəmid əlavə edib ki, hər il Qüds gününün yaxınlaşması ilə əlaqədar Ayətullah Seyid Əli Xamenei müsəlmanlara Fələstinin azad edilməli olduğunu xatırladır və fələstinlilərin çəkdiyi iztirabların heç vaxt unudulmaması gərəkdiyini vurğulayırdı.
Malayziya İslam Məşvərət Şurasının sədri bildirib ki, Ayətullah Seyid Əli Xamenei beynəlxalq qanunda hökm sürən hegemoniya və ədalətsizlik strukturlarına qarşı mübarizənin vacibliyini davamlı şəkildə xatırladır, “güclü dövlətlərin çox vaxt iqtisadi təzyiq, siyasi təhdid və hərbi müdaxilə yolu ilə zəif xalqların iradəsini sındırmağa çalışdıqlarını” qeyd edirdi. Onun baxışı qəti idi: “Şücaət olmadan müstəqilliyi qorumaq mümkün deyil.
O əlavə edib ki, Ayətullah Seyid Əli Xamenei İslam dünyasının müxtəlif bölgələrində öz ideyalarına sadiq çoxsaylı tərəfdarları üçün qlobal ədalətsizliyə qarşı ümid və müqavimət rəmzi olmuş, o cümlədən məzlum xalqlara haqq mübarizəsini davam etdirməyin mümkünlüyünü xatırlatmışdır. O, dəfələrlə İslamın ilkin dövrlərinə, Peyğəmbərimizin (s) mübarizə yoluna və səhabələrin fədakarlıqlarına istinad edərək, onların mənəvi irsini bu günün reallıqlarına tətbiq etmişdir.
Nitqinin sonunda Əzmi Əbdülhəmid qeyd edib ki, mübarək Ramazan ayı çərçivəsində Ayətullah Seyid Əli Xameneinin həyatına nəzər salmaq bu şəxsiyyətin mənəvi dərinliyini və bizə ötürdüyü mesajların əsl mahiyyətini daha aydın göstərir.
Ramazan ayı saflaşma, fədakarlıq, istiğfar və tövbə zamanıdır. Bu müqəddəs ay müsəlmanlara gözəl əhval-ruhiyyə, mənəviyyat, ümid və birlik iradəsi bəxş edir.
Rəyiniz